Ölkə daxilində və beynəlxalq səviyyədə əməkdaşlıq prosesində tərəfdaşlardan birinin digəri qarşısında öhdəliklərini icra edə bilməməsi və ya icradan imtina etməsi riskləri mövcuddur. Digər tərəfin maliyyə itkilərindən özünü etibarlı şəkildə qorumaq üçün bütün dünyada bank zəmanəti xidmətindən geniş istifadə edilir.
PAŞA Bank müştərilərə həm ölkə daxili, həm də beynəlxalq əməliyyatlar üzrə bank zəmanəti xidmətlərini təklif edir. Bank öz imkanları ilə yanaşı həmçinin dünyanın tanınmış 1-ci dərəcəli bankları ilə əməkdaşlıq çərçivəsində müxtəlif növ bank zəmanətləri təqdim edir.
Bankın əməkdaşları bank zəmanətləri üzrə məlumatların verilməsi və müştərinin ehtiyaclarına uyğun zəmanət növünün seçilməsi sahəsində tam məsləhət dəstəyi göstərirlər.
Bank zəmanəti – müştəri (alıcı / borclu / prinsipal) öhdəliklərinə uyğun qaydada digər tərəfə (satıcıya / kreditora / benefisiara) ödənişi həyata keçirmədikdə, Bankın (zaminin) digər tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət (qarantiya) məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
Beləliklə, müştəri göstərilən müddətdə digər tərəfə ödənişi həyata keçirə bilmədikdə və ya bundan imtina etdikdə, Bank ödənişi öz hesabına həyata keçirəcəkdir.
Beynəlxalq bank zəmanəti – Bankın xaricdə olan tərəf qarşısında, onun yazılı tələbinin və ya zəmanət məktubunda göstərilən digər sənədlərin təqdim olunması müqabilində ödənişi həyata keçirəcəyi barədə yazılı təminatıdır.
- Bank zəmanəti olduqda, Müştəri (Alıcı) əvvəlcədən ödəniş etmək zərurətindən azad olur və nəticədə maliyyə vəsaitlərini daha səmərəli istifadə edə bilir;
- Alıcı yerli və beynəlxalq bazarda etibarlı tərəfdaş statusuna malik olur, müxtəlif əməkdaşlıq imkanlarından faydalanır və tərəfdaşlardan daha münasib şərtlər tələb edə bilir;
- Satıcı Alıcı tərəfdən ödənişin icra edilməməsi risklərindən özünü qorumuş olur, əvvəlcədən ödəniş tələb etmədən daha çevik satışı həyata keçirə bilir;
- Bank zəmanətinin təqdim edilməsi üçün az sayda sənəd tələb olunur, girov zərurəti olmur, nəticədə müştəri daha rahat və qısa vaxt ərzində zəmanət məktubunu əldə edir, xidmətə görə komissiyanın məbləği isə çox aşağı olur.
Beynəlxalq əməkdaşlıq çərçivəsində çox istifadə olunduğu üçün zəmanət növlərinin adları həmçinin İngilis dilində göstərilir.
1. Ödəmə zəmanəti (Guarantee of payment). Bu zəmanət növü Alıcının Satıcı qarşısında ödəniş öhdəliklərinin təminatıdır.
2. Avans zəmanəti (Guarantees of advance payment return). Bu zəmanət növü müqavilənin şərtlərinə əsasən avans ödənişi həyata keçirildikdə, lakin Satıcının öhdəliklərini icra etmədiyi hallarda avans ödənişinin geri qaytarılması üçün təminatdır.
3. İcra zəmanəti (Contract execution guarantee). Bu zəmanət növü müqaviləyə uyğun olaraq və vaxtında təchizatın həyata keçirilməsi və ya xidmətin göstərilməsi üçün təminatdır.
4. Təklif və ya Tender zəmanəti (Tender guarantees). Şirkət öz təklifi əsasında əldə etdiyi sifariş üzrə öhdəliklərini tender təşkilatçısı və ya digər tərəf qarşısında icra etmədiyi hallarda bu zəmanət növü təminat rolunu daşıyır.
5. Gömrük zəmanəti (Guarantee in favor of the customs authorities). Bu zəmanət növü Gömrük orqanları qarşısında idxal-ixrac əməliyyatları həyata keçirən şirkətin gömrük vergilərinin və rüsumlarının ödəniş öhdəliklərinin təminatıdır.
6. Keyfiyyət zəmanətinin (Guarantees of warranty execution). Bu zəmanət növü təchizatın keyfiyyətinin müqavilə şərtlərinə uyğun olması üçün təminatdır.
7. Kreditin qaytarılmasına zəmanət (Guarantee of credit return). Bu zəmanət növü kredit vəsaitlərinin qaytarılması üçün təminatdır.
Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 04 /*8123 nömrəli Əlaqə Mərkəzinə və ya customer.care@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.
https://www.pashabank.az/corporate_documentary_operations,783/lang,az/