Təhsil krediti

PAŞA Bank ADA Universitetində təhsil alan tələbələrin təhsil haqqının maliyyələşdirilməsi üçün güzəştli şərtlərlə Təhsil kreditini təqdim edir.

Kreditlər bakalavr və magistraturada oxuyan tələbələrə (yeni başlayan və 1-ci semestrdə oxuyan tələbələr xaric) verilir. Təhsil krediti 2 növə ayrılır: Sosial (ADA Universitetinin maliyyələşdirdiyi) kredit və Kommersiya (PAŞA Bankın vəsaitləri hesabına) krediti. Sosial kreditlərə ADA Universitetinin təhsillə bağlı müvafiq tələblərinə (GPA, dərslərdə fəal iştirak və s.) cavab verən tələbələr müraciət edə bilər. Kommersiya kreditləri üçün isə ADA Universitetində yalniz İT, BBA və MBA proqramlarında təhsil alan tələbələr müraciət edə bilər. Kredit üçün müraciət edən şəxs müəyyən edilmiş Bank tələblərinə cavab verdiyi halda təhsil kreditlərindən yararlana bilər.

Kreditin məbləği, müddəti və ilkin ödəniş

Sosial kreditlər üzrə ilkin ödəniş 30%, kreditin müddəti isə bakalavrlar üçün 9 ilə qədər, magistr tələbələri üçün isə 5 ilə qədərdir. Kommersiya kreditləri üzrə ilkin ödəniş 30%, kreditin müddəti isə bütün tələbələr üçün 1 ildir.

Kredit üzrə faiz dərəcəsi və komissiyalar

Sosial kreditlər üzrə illik faiz dərəcəsi 7%, kommersiya kreditləri üzrə illik faiz dərəcəsi 14%-dir. Borcalan kredit alan zaman kredit üçün həyat sığortası (kreditin həcminə görə dəyişir), kreditin baxılması üçün 0,85%, vəsaitin köçürülməsi üçün isə 0,15% komissiya ödəyir.

Kredit alana dair tələblər

• Vətəndaşlığı: Azərbaycan Respublikasının vətəndaşı olan fiziki şəxs;
• Yaşı: minimum 18, maksimum kreditin son ödəniş gününə 60 yaş;
• Son iş yerində stajı: minimum 6 ay;
• Kredit tarixçəsi: son 3 il ərzində bütün kreditlər üzrə gecikmə günlərinin cəmi maksimum 30 gün ola bilər;
• Ödəmə qabiliyyəti: Kredit alanın aylıq borc yükünün (müraciət etdiyi kredit üzrə gözlənilən ödənişlər daxil) onun gəlirinə nisbəti (BYG əmsalı) maksimum 50% ola bilər.
Zaminlik və ya Sığorta tələbi

Kreditə müraciət zamanı zaminin olması mütləqdir. Kredit alınarkən müştəri həyat sığortası üçün (kreditin məbləği, müddəti, faizi və borcalanın yaşından asılı olaraq dəyişir) ödəniş edir.

Kredit üçün müraciət və tələb olunan sənədlər

1) Tələbənin özünün və valideynlərinin şəxsiyyət vəsiqələri, sürücülük vəsiqələri və xarici pasportları;
2) Tələbənin özünün (əgər işləyirsə) və valideynlərinin aylıq gəlirlərini təsdiq edən sənədlər;
3) Tələbənin özünün və valideynlərinin əmlaklarının (avtomobil, ev, torpaq və s.) olmasını təsdiq edən sənədlər;
4) Tələbənin özünün və valideynlərinin MKR-dən kredit tarixçəsi barədə məlumat (onların razılıq ərizəsi ilə bank nümayəndəsi məlumatı əldə edəcək);
5) ADA Universitetində oxumağı barədə arayış (GPA balı, hansı fakültə və neçənci semestrdə oxuması qeyd olunmalıdır);
6) ADA Universitetinin hesab-fakturası.

Kreditlərə müraciət edən şəxs, yəni borcalan tələbənin özü (əgər işləyirsə), ailə üzvləri və ya istənilən digər şəxs ola bilər. Bu zaman tələbənin özü, ailə üzvləri və borcalan (əgər digər şəxsdirsə) lazım olan sənədləri təqdim etməlidir. Təhsil kreditinə müraciət ADA Universitetində həyata keçirilir. Sənədlər universitet nümayəndələri tərəfindən toplanılır və PAŞA Banka təqdim edilir.

Kreditin verilməsi

Kreditin verilməsi barədə müsbət qərar olduqda:

• Bankın biznes mərkəzində müvafiq müqavilələr hazırlanır və imzalanır.
• Kredit alan sığorta haqqının (əgər tələb olunursa) ödənişini həyata keçirir.
• Kredit alan komissiyaları ödəyir: kreditin baxılması üçün - 0.85%, vəsaitin köçürülməsi üçün - 0.15%.
• Kredit alan üçün hesab açılır, Kredit alan tələb olunan ilkin ödəniş məbləğini hesaba mədaxil edir.
• ADA Universitetindən təhsil haqqının ödənişi üçün hesab-faktura əsasında Bank ümumi vəsaiti (ilkin ödəniş + kredit məbləği) Universitetin müvafiq hesabına köçürür.

Daha ətraflı məlumat üçün PAŞA Bankın Biznes mərkəzlərinə, (994 12) 496 50 00 nömrəli Əlaqə Mərkəzinə və ya info@pashabank.az elektron ünvanına müraciət edə bilərsiniz.