PAŞA Bank öz nizamnamə kapitalını 15% artırdı

30.06.2010

PAŞA Bank nizamnamə kapitalının artırılması ilə bağlı Azərbaycan Respublikası Vergilər Nazirliyindən çıxarış aldı.

PAŞA Bank 2007-ci ildən Azərbaycan bank sektorunda fəaliyyət göstərir. Müasir bazar iqtisadiyyatı mühitində "PAŞA Bank" ASC öz fəaliyyət dairəsini dinamik şəkildə genişləndirərək, həm kapital həcminə görə, həm də etibarlılıq göstəricilərinə görə bankçılıq bazarında öz missiyasını davam etdirməkdədir. Buna sübut olaraq Bank davamlı və stabil mənfəətlilik göstəricilərinə görə banklar arasında öz mövqelərini irəliləməkdədir. Belə ki, Ernst & Young beynəlxalq auditor şirkəti tərəfindən audit olunmuş göstəricilərə görə Bankın xalis mənfəəti 2008-ci ilin sonuna 10,765 min manatdan 2009-cu ilin sonuna 16,059 min manata çatdırılmışdır, bu da 49 faiz artım deməkdir.

Bank nizamnamə kapitalına görə Respublikada ən iri banklar arasında ikinci yerdədir. Bankın 2009-cu il üçün əldə etdiyi mənfəət hesabına onun nizamnamə kapitalı 2010-cu ilin iyun ayında artıraraq 115 milyon 407.1 min manat təşkil etmişdir. Bankın nizamnamə kapitalının 2010-2011-ci illər ərzində əldə olunacaq mənfəət hesabına artırılması da nəzərdə tutulur.

Ümumilikdə, PAŞA Bankın nizamnamə kapitalı 4 (dörd) dəfə artırılmışdır. Bank təsis edilərkən, onun nizamnamə kapitalı 10 milyon manat təşkil etmişdir. 2007-ci ilin sonunda bu rəqəm səhmdarların yatırımı hesabına 35 milyon manata, 2008-ci ildə isə 58 milyon manata, sonradan isə 100 milyon manata çatdırılmışdır.

Məlum olduğu kimi, Azərbaycanda maliyyə sektorunun inkişafının sürətləndirilməsi, bank və sığorta xidmətlərinin keyfiyyətinin daha da yaxşılaşdırılması, habelə bankların, sığorta və təkrarsığorta şirkətlərinin ödəmə qabiliyyətinin möhkəmləndirilməsi və həmin şirkətlərin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması məqsədilə 2008-ci il 28 oktyabrda ölkə Prezidenti tərəfindən "Bankların, sığorta və təkrarsığorta şirkətlərinin kapitallaşma səviyyəsinin artırılmasının stimullaşdırılması haqqında" haqqında fərman imzalanmışdır.

Bu qanuna əsasən, PAŞA Bank və digər sözügedən şirkətlər 3 il müddətində nizamnamə kapitalını mənfəət hesabına artırdığı təqdirdə müvafiq mənfəət vergisindən azad edilir.